کتاب : حماسه #کوراوغلو
فصل ۱: «آلی کیشی» بخش 4
....
«نکته: معنای کلمات رو با نگه داشتن انگشتتون روی کلمه و اومدن ادرس لینک میتونین ببینین. برای کلمات ساده تر دیگه لینک نذاشتم »
پستهای قبلی این کتاب صوتی رو از این هشتگ #کوراوغلو_آلی_کیشی پیدا کنین
Qoca ilxıçı gecə oğlu ilə bərabər toylaya gəldi, atları yoxladı, dedi: – Rövşən, oğul, atlar daha böyüyüb, minmək həddinə çatıblar. İndi atları bir-bir bərkə, boşa salıb, sınaqdan çıxartmaq lazımdı. Əzəl Qıratı, ondan Düratı min, təzəcə sulanmış şumda səyird, sonra qaratikanlığa sür, sonra da sıldırım daşlı dağa çap. Rövşən atasının öyrətdiyi kimi əzəl Qıratı mindi, yenicə sulanmış şumla səyirtdi, sonra qoca ilxıçının yanına qayıtdı. Təcrübəli qoca ilxıçı Qıratın burnunu tutdu, at öskürmədi. Sonra ürəyinə qulaq asdı, baxdı ki, atın ürəyi heç töyşümür. Ondan sonra dırnaqlarını yoxladı. Bir qırıq da palçıq tapa bilmədi. Rövşən indi də Düratı mindi, şuma sürdü, səyirdib yenə atasının yanına qaytardı. Alı kişi Düratın da ürəyini dinlədi, burnunu sıxdı, dırnağını yoxladı. Dürat da öskürmədi, ürəyi töyşümədi, ancaq dırnağının birindən bir qırıq palçıq tapıldı. Rövşən bu dəfə Qıratı minib qaratikanlığa vurdu. Qırat qaratikanlığı yarıb ildırım kimi süzüb ilxıçının yanında dayandı. Qoca ilxıçı onun baldırlarını, çəçiklərini yoxladı, bir yerində nə bir tikan izi tapa bilmədi, nə də bir yara. Dürat da sınaqdan pis çıxmadı. Ancaq dal ayağının birini tikan balaca cırmışdı. Rövşən axırıncı sınaq üçün Qıratı sıldırım daşlığa saldı. Qırat güllə kimi sıldırım daşlığı endi, qızıl quş kimi uçub qoca ilxıçının bərabərində dayandı. Qoca Alı Qıratın qabaq ayaqlarının üylərini bərk sıxdı. Qırat nə diksinmədi, nə də qırpınmadı. İndi Düratı minib sıldırım aşağı əldən qoydu. Dürat çeçiklərini daşlara çırpa-çırpa sıldırımı endi. Qoca Alı: – Oğul, Rövşən, Qırat sınaqdan çox yaxşı çıxdı. Düşündüyüm kimi, Dürat da yaxşı çıxdı. Əmək itirmədi. Ancaq Qırata tay ola bilməz. Qıratın tayı-bərabəri çərx altında tapılmaz. Həmişə qorxulu səfərlərə, düşmən üstünə, qəflə sındırmağa, qalalar almağa Qıratı minərsən. Qırat səni çox darlardan, çox ölümlərdən qurtarar. Qıratın qədrini yaxşı bil, onu candan əziz saxla. Sonra Alı kişi bir ah çəkib dedi: – Oğul, atlar böyüdü, sınaqdan çıxdı. İndi Həsən xandan intiqam almaq vaxtı çatıbdır. Çək atları yəhərlə, gedib Həsən xanla haqqhesabımızı çəkək.